Nadir Quliyev Azərbaycanın taxılçılıq sektoruna böyük töhfələr vermiş ictimai-siyasi xadim və mərhum xalq deputatıdır.

O, 20 il Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli Bakı Taxıl Məhsulları Kombinatına rəhbərlik edib. Rəhbərliyi dövründə bir çox yeni istehsalat binaları və qurğuları tikilib, yeni şöbələr yaradılıb, məhsuldarlıq səviyyəsi artırılıb və işçilərin sosial-mədəni həyatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.

Nadir Quliyevin ölkə və xalq üçün göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə "Lenin" ordeni, 1981-ci ildə "Şərəf nişanı" ordeni, 1986-cı ildə isə "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.

1928

Doğum ili və yeri

Nadir İmamnəzər oğlu Quliyev 1928-ci ildə Bakı şəhərində anadan olub.

1936 - 1948

Təhsili

1936-cı ildən 1942-ci ilə qədər Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta məktəbdə, 1945-1948-ci illərdə Bakı Energetika-Maşınqayırma Kollecində təhsil alıb.

1948-1964

Karyerasının ilk mərhələsi

Nadir Quliyev yeniyetmə yaşlarında kolxozda suçu, anbardar, "Buzovnaneft" mədənlərində boruçəkən və sürücü kimi işləyib.

O, 1948-ci ildən 1953-cü ilə qədər "Buzovnaneft" trestinin Tikinti-Quraşdırılma kontorunda böyük mexanik vəzifəsində çalışıb.

Daha sonra 38 nömrəli fəhlə-gənclər məktəbində təhsilini davam etdirib.

Nadir Quliyev 1953-1954-cü illərdə Tikinti İdarəsində böyük mexanik vəzifəsini icra edib.

O, müxtəlif illərdə sürücü, qaraj müdiri, avtoprofilaktoriyada rəis kimi fəaliyyət göstərib.

1964-1973

Yumşaq Tara Fabrikinə rəhbərlik

1964-cü ildən taxıl məhsullarının qəbulu, saxlanması, emalı və satışı sahəsi ilə məşğul olub. O, 1964-1973-cü illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Təmir-İstehsalat kombinatının Yumşaq Tara fabrikinin direktoru vəzifəsində çalışıb.

1972

Təhsilinin ikinci mərhələsi

1972-ci ildə iqtisadçı ixtisası üzrə Moskva Mühəndis İqtisad İnstitutunu bitirib.

1973-1993

Bakı Taxil Məhsulları Kombinatına rəhbərlik

1973-cü ildə yenicə yaradılan Bakı Taxıl Məhsulları Kombinatına direktor təyin olunub. Ömrünün sonuna qədər bu müəssəyə rəhbərlik etmiş və kombinat onun idarəçiliyi dövründə böyük uğurlar və şöhrət qazanmışdır.

1990-1993

İctimai-siyasi fəaliyyəti

Nadir Quliyev geniş ictimai-siyasi fəaliyyətlə də məşğul olub. O, 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikasının Xalq deputatı, dalbadal 4 çağırış isə Bakı Şəhər Sovetinin deputatı seçilib.

1993

Vəfatı

Nadir Quliyev 1993-cü ildə vəfat edib.