Nadir Quliyev taxılçılıq və çörəkçiliklə bağlı fəaliyyətinə 1963-cü ildə başlayıb. Həmin ildən taxıl məhsullarının qəbulu, saxlanması, emalı və satışı sahəsi ilə məşğul olub. O, 1964-1973-cü illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Təmir-İstehsalat kombinatının Yumşaq Tara fabrikinin direktoru vəzifəsində çalışıb.
10 il sonra o, artıq yeni yaradılan Bakı Taxıl Məhsulları Kombinatına direktor təyin edilir. Bu kombinat 1973-cü ildə Respublika Tədarük Nazirliyinin əmri ilə bu quruma bağlı 5 müəssisənin: Bakı Satış Bazası, Bakı Yumşaq Tara Fabriki, Bakı Elevatoru, Şamaxı və Mərəzə Taxıl Qəbulu Məntəqələrinin birləşdirilməsi əsasında təsis olunub. Bu qurumlarda davam edən probləmlərin həlli məhz Nadir Quliyevə tapşırılmışdı.
Bu səbəbdən o, dərhal tikinti-bərpa işlərinə başlayır. Onun rəhbərliyi ilə kombinat işə başladıqdan qısa müddət sonra 90 min tonluq elevator qurğuları, nəhəng dəyirmanlar, gündə 250 ton qarışıq yem istehsal edən zavod və yardımçı istehsalat sahələri istifadəyə verilir. Taxıl anbarlarının tutumu 30 min tona çatdırılır. Daha sonra yumşaq tara fabriki və çörək zavodu istifadəyə verilir.
Bunlardan əlavə 1980-ci ildə 3 növ un üyüdən 250 tonluq yeni dəyirmanlar tam fəaliyyətə başlayır. 1984-cü ildə Kombinatın ərazisində bir gündə 500 ton un üyüdən yeni dəyirmanın, daha sonra isə 54 min ton həcmində elevatorun inşasına başlanılır.
Nadir Quliyev öz işçilərinin istirahət vaxtlarını səmərəli keçirməsinə və onların sosial-mədəni həyatına çox diqqət ayırırdı. Elə bu səbəbdən kombinat daxilində çoxlu mədəni obyektlər və istirahət yerləri salınması üçün bütün gücü ilə çalışırdı
İstehsal obyektləri tikildikdən sonra idarə və mədəni-məişət binalarının tikintisinə başlanılır. Bunlardan biri də geniş pəncərələri, müasir mətbəx avadanlıqları, rahat mebelləri və güzgülərlə bəzədilmiş tavanı ilə göz oxşayan 150 nəfərlik yeməkxana idi.
İşçilərin istirahət saatlarını keçirmək üçün salınan digər obyekt isə 75 nəfərlik “7 Gözəl” çayxanası idi. Burada Nizami Gəncəvinin “7 Gözəl” poemasının hər bir gözəli üçün ayrı guşə yaradılmışdı. Nadir Quliyevin ədəbiyyata, sənətə olan sevgisi burada da özünü büruzə verib.
Onun təklifləri və səyləri ilə elevatorlarla dəyirman binası arasında görkəmli şairlərin büstləri qoyulur və onların məşhur şeirlərindən misralar buraya yazılır.
Nadir Quliyev kombinatda çörək muzeyi yaradılmasını təklif edir və təsdiq aldıqdan sonra dərhal muzeyin hazırlanması üçün çalışır. Çətinliklə də olsa, çoxlu eksponatlar toplanır və zəngin muzey yaradılır.
Digər muzey isə Hacı Zeynalabdin Tağıyevə həsr olunur. Ona aid müxtəlif şəxsi əşyalar, telefon, iş kabinetindəki stol, seyf və qiymətli əşyalar toplanaraq bu muzeydə sərgilənməyə başlanır. Nadir Quliyevin təşəbbüsü ilə kombinatın həyətində H.Z.Tağıyevın heykəli də ucaldılıb.
İşçilərin hərtərəfli inkişafını, rahatlığını və istirahətini düşünən Nadir Quliyev kombinatın həyətində qızılgül bağı, gözəl və böyük hovuz saldırır. O özü bu hovuzu “kombinatımızın artıq öz Xəzəri var” deyərək xatırlayırdı. Onun tapşırığı ilə işçilər üçün 450 nəfərlik klub tikilir və istifadəyə verilir.
Bunlarla yanaşı o, tibb məntəqəsi, mağaza, tikiş atelyesi, kitabxana, çamaşırxana, qadın və kişi salonlarının tikilməsi üçün tapşırıq verir. Beləliklə, kombinatın işçilərinin bütün zəruri ehtiyacları və sosial-mədəni həyatları üçün lazım olan hər şərait burada yaradılır. 162 mənzilli yaşayış binası, 190 nəfərlik yataqxana tikilir və ehtiyacı olan işçilərə verilir.
1979-cu ildə Buzovna qəsəbəsində kombinatın quşçuluq, heyvandarlıq, qoyunçuluq, donuzçuluq və bitkiçilik sahələrini əhatə edən kənd təsərrüfatı sahəsi yaradılmağa başlanılır və 1983-cü ildə işlər tamamlanır.
Kombinat 1985-ci ildə keçmiş SSRI Tədarük Nazirliyi kolleksiyasının qərarı ilə Nazirliyin 29 nümunəvi müəssisələri sırasına daxil edilir.
1986-cı ildə kombinatın 2 nömrəli dəyirmanında istehsal edilmiş un öz keyfiyyətinə görə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində 1-ci yerə çıxır.
13 il dalbadal əldə olunan uğurlara görə kombinat keçmiş SSRİ və Azərbaycan SSR-in ən ali mükafatlarından sayılan Qırmızı Bayraq və Diplomlarını alıb.
Nadir Quliyev 20 il ərzində, yəni ömrünün sonuna qədər özü qurduğu 2 saylı Taxıl Məhsulları Kombinatına rəhbərlik edib, müəssisənin uğurları və işçilərin rahatlığı üçün daim çalışıb.